YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti qələbə əzmi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Qıvraq qəsəbə Mərkəzinin iclas zalında Kəngərli rayonu, Qıvraq qəsəbə, Şahtaxtı və Qabıllı kənd seçiciləri ilə növbəti görüşü keçirilib.

Görüş əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Görüşdə Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. S.Quluyeva Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".

Görüşlərdə çıxış edən Kəngərli rayon Veteranlar Şurasının sədri Rəşid Nağıyev, seçicilər Təvəkkül Abdullayev, İsa Vəliyev və digərləri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.

Sakinlər, eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.