Seçki-2024
İnamın növbəti ifadəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun ağsaqqallar və ziyalılarla görüşü keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki,
YAP öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir: “Bu dəfə YAP seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılır. İndiyə qədər qazanılmış qələbələrə həm də təşkilati göstəricilərə və ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur”.
O, əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi olacaq.
Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Əli Əhmədov bildirib ki, ölkəmizdə tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımız və ziyalılarımız səmərəli fəaliyyət göstərib: “İnsanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu ağsaqqallar və ziyalılar həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi üçün maksimum şəkildə istifadə ediblər. İctimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə aktiv iştirak edən ağsaqqallar və ziyalılar hər zaman ədalətin, haqqın tərəfində olub, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar ediblər”.
Əli Əhmədov çıxışında ağsaqqal və ziyalı seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Nizami rayonu üzrə seçki qərargahının üzvü Akif Cahangirov, təşviqat qrupunun üzvlərindən Bahadur Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin sədri Xaqani Səfərov və digərləri çıxış ediblər. Onlar seçiciləri aktiv olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırış ediblər.
Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Həmin gün deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi mayor İlkin Rzayevin anası Balaxanım Rzayevanı doğum günü münasibətilə ziyarət edib, şəhidin ailəsi ilə görüşüb. Eləcə də Naxçıvanski 4, 6, 8, 10 ünvanları üzrə seçicilərlə “qapı-qapı” görüşü keçirib, Bəhruz Nuriyev 51, 53, 55, 55/57, 57 ünvanları üzrə isə seçicilərlə məhəlli görüşdə iştirak edib.