Seçki-2024
Yeni qələbələr naminə…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycanın müstəqillik tarixini möhtəşəm uğurlarla, Zəfərlərlə zənginləşdirib: “Qürurverici nailiyyətlər xalqımızı sevindirir, ölkəmizin yeni dövrün hədəflərinə doğru inamla irəliləməsini şərtləndirir. Azərbaycan qalibiyyəti, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ilə dünyaya səs salıb. YAP-ın 1 sentyabr növbədənkənar parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılması gələcəyə böyük çağırışdır”.
Çıxış edən deputatlığa namizəd Mixail Zabelin Ümummilli Lider Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından sonra ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən xilas etməsindən bəhs edib. Azərbaycanın uğurlarında böyük payı olan YAP-ın keçdiyi şərəfli yoldan danışan M.Zabelin seçiciləri səsvermə prosesində fəal olmağa, ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan, xalqın partiyası olan YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Xətai Rayon Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov, şəhid atası Meyvəddin Ramaldanov və digərləri əldə olunan uğurların qarşıdakı dövr üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib, yeni qələbələr naminə seçiçiləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər qeyd ediblər ki, sentbarın 1-də seçki məntəqələrinə gedərək ölkənin tərəqqisi üçün Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər.