Seçki-2024
Növbəti möhtəşəm qələbə naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayonu Qaradağlı kənd Folklor evinin qarşısındakı meydanda Qaradağlı və Çiyni kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın ən güclü və nüfuzlu partiyasıdır.
Çıxış edən deputatlığa namizəd Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük inkişaf yolu keçib. Eyni zamanda, Ramil Həsən bildirib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalq tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev və Mirzalı Ağamalıyev çıxış ediblər.
Çıxış edən Qaradağlı kənd seçiciləri Akif Səmədov, Səhrab Quliyev, şəhid atası Şəmil Əliyev və Çiyni kənd sakini Əli Qasımov fikir və təkliflərini bildirməklə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidləri leytenant Qadir Məmmədovun, Maxmud Talıbovun, Qurban Əhmədovun, Çiyni kəndində Vətən müharibəsi şəhidləri Hüseyn Həsənovun, Coşqun Məmmədovun, Faiq Vəlizadənin ailələrini ziyarət edib.