YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrün hədəfləri naminə!

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək 2024-cü il sentyabrın 1-də növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən İmamverdi İsmayılovun seçicilərlə görüşü keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə parlaq qələbə qazandığını bildirib.

Daha sonra deputatlığa namizəd İmamverdi İsmayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan uğurlardan bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan dövləti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən daha böyük hədəflərə doğru əzmlə irəliləyir. O, YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib.

İmamverdi İsmayılov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə, həmçinin Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev, əməkdar artistlər Almaz Orucova, Elnur Əhmədov, təşviqat qrupunun üzvləri AMEA-nın Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev, rayon ziyalısı Həsən Ələkbərov və digərləri çıxış  edərək  seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər birmənalı olaraq bu il ölkədə keçiriləcək parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.