Seçki-2024
“Yeni mərhələdə qarşımızda mühüm hədəflər durur”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Valeh oğlu Məmmədovun Sumqayıt şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev diqqətə çatdırıb ki, Ulu Öndərin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP tarixin bütün sınaqlarından şərəflə çıxıb: “YAP bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqda davam edir. Partiyanın çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır”.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycan yeni dövrə qədəm qoyub: “Dövlətimiz genişmiqyaslı islahatlar aparır. Bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu siyasəti bölgədə yeni əməkdaşlıq və təhlükəsizlik mühiti yaradıb”.
C.Məmmədov qeyd edib ki, Vətən müharibəsinin nəticələri də region üçün yeni reallıqlar formalaşdırıb: “Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Yeni mərhələdə qarşımızda mühüm hədəflər durur”.
Tədbirdə çıxış edənlər YAP-ın növbəti qələbə qazanmaq əzmində olduğunu vurğulayaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.