Seçki-2024
“Seçimimiz dəyişməzdir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Yevlax rayonunun Salahlı və Balçılı kəndlərində seçicilərlə görüşü keçirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, xalqımız bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərməklə öz parlaq gələcəyinə səs verəcək.
Sonra çıxış edən deputatlığa namizəd Əli Hüseynli seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib.
Ə.Hüseynli vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm qələbələr qazandı, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Cənab İlham Əliyev ölkəmizin davamlı inkişafını təmin etməklə və xalqımıza möhtəşəm nailiyyətlər qazandırmaqla bütün dünyada sübut etdi ki, Azərbaycan istənilən hədəfi inamla reallaşdırmaq və yeni qələbələr əldə etmək əzmindədir.
Əli Hüseynli seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Seçicilər də öz növbəsində 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər. “Seçimimiz dəyişməz, YAP-a inamımız sonsuzdur”, - deyə vurğulanıb.