Seçki-2024
“İnkişaf yolunda inamla irəliləyirik”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Səməd qızı Xasayevanın YAP Qaradağ rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov qeyd edib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. O, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyib.
Deputatlığa namizəd Səbinə Xasayeva gənclər siyasətinin Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirildiyini söyləyib. O bildirib ki, Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənib.
S.Xasayeva gəncləri 1 sentyabr parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin partiyanın Qaradağ rayon təşkilatının məsləhətçisi Vüqar Ağayev, Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Tokio Paralimpiya Oyunlarının mükafatçısı Pərvin Məmmədov, gənc seçici İbrahim Məhərrəmov və digərləri çıxış edərək Azərbaycanın bundan sonra da qüdrətli dövlət kimi inkişaf yolunda irəliləyəcəyinə inamlarını ifadə ediblər.