Seçki-2024
Zəfərdən-Zəfərə inamla addımlayan Azərbaycanın gələcəyi naminə
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 36 saylı Xətai-Suraxanı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nərminə Haçıyevanın seçicilərlə görüşü keçirilib.
Görüşü açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən parlament seçkilərinin keçirilməsi qürurvericidir. Bu ilin 7 fevral tarixində prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə təqdim olunan seçki platformasında da qeyd edildiyi kimi, Yeni Azərbaycan Partiyası daim ölkəmizin tərəqqisinə, davamlı inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına böyük töhfələri ilə diqqətdədir. YAP yarandığı gündən tutduğu yola sadiqliyi ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Ölkədə keçirilən bütün seçki proseslərində partiyanın inamlı qələbəsi deyilənlərin təsdiqidir. Vüqar Hüseynov deputatlığa namizəd Nərminə Hacıyeva haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Nərminə Hacıyeva Azərbaycanın qazandığı uğurlardan, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edib. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışının davamı olaraq Prezident İlham Əliyev bildirir ki, YAP ənənələri olan partiyadır. Nəinki ölkəmizdə, həm də regionda ən güclü siyasi təşkilatdır. Dövlətimizin başçısı bu əminliyi də ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının seçki platformasından bəhs edib. Vurğulayıb ki, burada bütün sahələrdə qazanılan nailiyyətlər və qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflər öz əksini tapıb. Azərbaycan bundan sonra da möhtəşəm uğurları ilə dünyanı heyrətləndirəcək.
Nərminə Hacıyeva seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını qeyd edib.
Tədbirdə Pərviz Umudov, Tahir Ağayev və Firdovsi İbrahimov çıxış edərək seçiciləri Zəfərdən-Zəfərə inamla addımlayan Azərbaycanın gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.