Seçki-2024
YAP qələbələr partiyasıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun Qazax rayonunun Kəmərli kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummili Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev partiyanın həmişə olduğu kimi bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Səməd Seyidov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən S.Seyidov qeyd edib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Deputatlığa namizəd ən mühüm məqamın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması olduğunu xüsusi vurğulayaraq qeyd edib ki, bu qələbə bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı. Səməd Seyidov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin Qazax rayonu üzrə seçki qərargahının üzvlərindən Məmməd Yusifov, Bəsti Ələkbərova, İsgəndər Qurbanov, Elxan Abdullayev, Kazım Kazımlı, Xatın Hüseynxanova və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib.
Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də Səməd Seyidovu yaxşı tanıdıqlarını, onu dəstəklədiklərini bildirərək, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.