YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yevlax seçiciləri YAP-ın qələbəsinə inanır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 52 saylı Yevlax seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş İlham Kazım oğlu Məmmədovun YAP Yevlax rayon təşkilatının inzibati binasında şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranları və iştirakçıları ilə görüşü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin və qəhrəman şəhidlərimizin ruhunu dərin ehtiramla yad ediblər.

Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yeni Azərbaycan Partiyasının digər seçkilərdə olduğu kimi parlament seçkilərində də böyük qələbə qazanacağını əminliklə ifadə edib. Təşkilat sədri bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyası bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb, şanlı tarix yazıb. Biz azərbaycanlılar bu tarixi hadisəyə şahidlik etdiyimizə görə özümüzü çox xoşbəxt hiss edirik. Çünki bu bizim qızıl hərflərdən ibarət olan parlaq Qələbə tariximizdir.

Görüşdə çıxış edən deputatlığa namizəd İlham Məmmədov öncə seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib.  Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası dahi Heydər Əliyevin əmanətidir. Ümummilli Liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ötən müddətdə öz tarixi həqiqiliyini təsdiq edib. Bu, olduqca böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Çünki cəmiyyətin bu baxımdan YAP-dan, onun üzvlərindən böyük gözləntiləri var. Daim yeniləşmə, modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin əsas prioritetləridir.

Eyni zamanda, İlham Məmmədov çıxışında seçiciləri parlament seçkilərində aktiv olmağa çağırıb və qeyd edib ki, ona bu seçkilərdə göstəriləcək etimadı gələcəkdə də layiqincə doğruldacaq.

Tədbirdə, çıxış  edən təşviqat qrupunun üzvləri- şəhid atası Fərman Kazımov, YAP-ın veteran üzvü Vahid Quliyev, Əməkdar müəllim Zərxanım Əhmədova və partiya fəalı  Niyaz Hüseynov bildiriblər ki, Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Bir sözlə, Yeni Azərbaycan Partiyası qələbələr və xalqın partiyasıdır.

Çıxışçılar seçiciləri parlament seçkilərində YAP-ın namizədi İlham Məmmədova səs verməyə çağırıblar. Çıxış edən seçicilər də Ulu Öndər Heydər Əliyev yolunun haqq yolu olduğunu diqqətə çatdıraraq, qarşıdan gələn 1 sentyabr seçkilərində  Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.

Həmin gün deputatlığa namizəd İlham Məmmədov rayonun Yuxarı Qarxun kəndində də seçicilərlə görüş keçirib.