Seçki-2024
İmişli seçiciləri YAP-ın namizədinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Adil oğlu Salahlının İmişli rayon Bəhrəmtəpə qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev YAP-ın hazırda Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu xatırladaraq bildirib ki, YAP-ın yaranmasından və qısa müddətdən sonra iqtidar partiyasına çevrilməsindən ötən müddətdə Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanıb.
Sonra o, deputatlığa namizəd Səyyad Salahlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı qeyd edib ki, Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyası Zəfərin reallıqları fonunda əzmlə parlament seçkilərinə hazırlaşır. Səyyad Salahlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və vətəndaşlıq mövqeyindən çıxış etməyə çağırıb.
Tədbirdə, həmçinin Feyruz Mirzəyev, Allahqulu Abbasov, Qafqaz Behbudov və digərləri çıxış ediblər. Natiqlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.