Seçki-2024
İnam və etimad ünvanı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Musa Quliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Azərbaycanın sosial-iqtisadi inkişafdan söz açan M.Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilmiş və hazırda icra olunmaqdadır.
Tədbirdə, həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, şəhid anası Nərminə Məmmədova və digərləri çıxış ediblər.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.