YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni uğurlar qazanmaq üçün…

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sumqayıt şəhərində seçicilərlə görüşü keçirilib.

Giriş sözü ilə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatıldığını deyib. O, deputatlığa namizəd Ceyhun Məmmədov haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platformasından bəhs edib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə, beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir.

Ceyhun Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə Əməkdar mədəniyyət işçisi Aslan Aslanov, AMEA-nın müxbir üzvü Novruz Quliyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, qazi İlham Səfərov, müharibə veteranı Səkinə Həmidova, iş adamı-sahibkar Xəlil Əzizov və digərləri də çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Seçicilər çıxışlarında 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini deyiblər.