Seçki-2024
Bərdəlilər YAP-ın namizədinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Bərdə seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Vidadi qızı Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında ağsaqqal seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının qazandığı nailiyyətlər bəhs edib.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərdən, o cümlədən YAP-ın seçki platformasında əksini tapan məqamlardan bəhs edib.
Tədbirdə, həmçinin YAP Bərdə rayon təşkilatı təşviqat qrupunun üzvləri şəhid anaları İsbət Hətəmova, Mehparə Qəribova, Yaşar Zamanov, Məhərrəm Şəfiyev, Əliş Şərifov, Rzaqulu Şərifov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Nizami Cəfərov, Səxavət Məmmədov, Akif Şükürov, Birinci Qarabağ müharibəsi qaziləri Elbrus Rüstəmov, Tahir Sadıqov və digərləri Fatma Yıldırımın ötən dövrdəki fəaliyyətindən razı qaldıqlarını, 1 sentyabr seçkilərində də ona səs verəcəklərini vurğulayıblar.
Həmin gün deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunun Cəyirli kəndində də seçicilərlə görüş keçirib. Görüşdən sonra isə kəndin şəhid ailələri ziyarət olunub.