Seçki-2024
Xalqın dəstəyi və etimadı mütləqdir!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun Şərur rayonunun Aralıq kənd Mədəniyyət evində Aşağı Aralıq, Yuxarı Aralıq, Qarxun, Məmmədsabir və Sərxanlı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Deputatlığa namizəd Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.
S.Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: “Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Bu baxımdan, YAP bu günə qədər qatıldığı bütün seçkilərdə - prezident, parlament və bələdiyyə seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq”.
Görüşdə çıxış edən seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar.
Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.