Seçki-2024
YAP saysız-hesabsız uğurlara imza atmaqdadır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əli Məhəmməd oğlu Hüseynlinin YAP Yevlax rayon təşkilatının inzibati binasında şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni və Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin və qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar.
Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qədirbilən Azərbaycan xalqının hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olduğunu və doğma partiyamızın indiyədək keçirilən bütün seçkilərdə inamlı qələbə qazandığını bildirib.
Çıxış edən deputatlığa namizəd Əli Hüseynli əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır. Ulu Öndər Heydər Əliyevin bənzərsiz siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 21 il ərzində Azərbaycan bütün sahələr üzrə böyük inkişaf yolu keçib. Sosial, iqtisadi, siyasi və digər sahələrdə əldə olunan müsbət nəticələr, xüsusilə Vətən müharibəsinə qazandığımız parlaq Qələbə Prezidentimizin misilsiz xidmətlərinin bariz nümunəsidir.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri - şəhid atası Fərman Kazımov, YAP-ın veteran üzvü Vahid Quliyev bildiriblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası daim xalqın milli maraqları naminə həyata keçirdiyi uğurlu siyasətlə Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.
Seçicilər 1 sentyabr seçkilərində bütöv və müstəqil Azərbaycanın uğurlu gələcəyi naminə YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Əli Hüseynli rayonun Qaraoğlan kəndində də seçicilərlə görüş keçirib.