Seçki-2024
Oğuz seçiciləri uğurların davamına səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Daşdəmir oğlu Qurbanovun Oğuz rayonunun Xalxal, Ərmənət və Xalxalqışlaq kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov
qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə yüksək səviyyədə hazırlaşıb.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Çıxışında modern dünyada baş verənlərə diqqət çəkən E.Qurbanov bildirib ki, dünyada və regionda cərəyan edən proseslər, təlatümlər, yeni-yeni gərginlik ocaqlarının yaranması göstərir ki, Azərbaycanın tutduğu yol ölkənin milli maraqlarına hesablanıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətinə çevrilib.
Eyvaz Qurbanov çıxışının sonunda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbir iştirakçılarından Fərman İbrahimov, Rövşən Ağababayev, Şahin Əfəndiyev, Eyvaz Hüseynov, Mahir Nəbiyev, Naib Əzizov, Əkrəm Hacalıyev, Aydın Babayev və digərləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Ərmənət kəndində kənd seçiciləri ilə məhəlli görüş keçirib və Xalxal kəndində şəhid məzalarını ziyarət edib.