Seçki-2024
Azərbaycanın tərəqqisi naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 64 saylı Salyan seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Haqverdi oğlu Qurbanovun rayonun Qarabağlı kəndində şəhid ailələrinin üzvləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, YAP tarixi zərurətdən yaranaraq, qısa zamanda ümumxalq partiyasına çevrilib: “Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın tərəqqisi naminə çalışır. Ötən 32 ildə partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir”.
Çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır: “Modern dünyada Azərbaycanın beynəlxalq nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir. Reallıq göstərir ki, tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə davamlı uğurlarına stimul oldu”.
Sadiq Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Görüşdə, həmçinin rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyinin Muğan-Salyan Regional Bölməsinin sədri Nəbi İbrahimov, rayon Qələbə qəzetinin baş redaktoru Rüstəm Məlikov, şəhid anaları Ləzifə Cəbrayılova, Nilufər Ələkbərova, Pakizə Həmidova, şəhid atası İsaxan İmanov və digərləri çıxış ediblər. Görüş iştirakçıları uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Qarabağlı kəndində ziyalılar və ağsaqqallar ilə, rayonun Kərimbəyli, Qarabağlı, Təzəkənd, Gomuşçu və Kolanı kəndlərinin seçiciləri ilə də görüşlər keçirib.