Seçki-2024
Laçınlılar YAP-ın namizədinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Şahbaz oğlu Muradov Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində laçınlı seçicilərlə görüşüb.
Tədbir Dövlət himni və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək partiyamızın qazandığı uğurlardan bəhs edib. YAP-ın qələbələr partiyası olduğunu deyən təşkilat sədri bu amilin xalqın inamından irəli gəldiyini vurğulayıb. O, deputatlığa namizəd Rövşən Muradov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Rövşən Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan bəhs edib, eləcə də YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, müstəqil Azərbaycan tarixində ən mühüm hadisə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasıdır. Artıq laçınlıların dogma yurdlarına qayıdışı başlayıb. Laçın sakinləri bu sevinci bəxş etdiyi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman hərbçilərimizə minnətdardır. Hazırkı hədəf isə şəhidlərimizin qanı ilə azad edilmiş yurdlarımızın bərpa edilməsidir.
Rövşən Muradov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən etimadı yüksək səviyyədə doğruldacağını vəd edib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri - tarix elmləri doktoru, professor Şikar Qasımov, rayon ziyalısı Murad Hüseynov, qazı Murad Eyvazov və digərləri çıxış edərək qazanılan uğurlarda YAP-ın müstəsna rolundan bəhs ediblər.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsində yaşayan laçınlı seçicilərlə də görüş keçirib və şəhid Elgin Abbaslının ailəsini ziyarət edib.