Seçki-2024
Ucarlıların seçimi yenə də YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayonunun Şahlıq, Əlikənd, Ramal kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ucar rayonunun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra Ucar Şəhidlər Xiyabanı ziyarət edilib.
Seçicilərlə görüşdə çıxış edən deputatlığa namizəd Ramil Həsən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağından azad edilmiş suveren Azərbaycanda ilk dəfə keçirilən parlament seçkilərində namizədliyinin irəli sürülməsindən qürur duyduğunu ifadə edib və yüksək etimada görə partiyanın Sədri, Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
R.Həsən Ucar sakinləri ilə fikirlərini bölüşüb, növbəti dəfə etimad və etibar göstərəcəkləri təqdirdə ləyaqətlə və böyük fəxarət hissi ilə Ucarı Azərbaycan parlamentində təmsil etməkdən qürur duyacağını vurğulayıb. O, seçicilərin müraciətləri ilə bağlı məsələlərin bundan sonra da həlli üçün üzərinə düşən bütün addımları qanun çərçivəsində atacağına söz verib.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri – Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Əməkdar müəllim Afayət Yusubova və təqaüdçü Arif Əhmədov çıxış ediblər.
Həmin gün deputatlığa namizəd rayonun Əlikənd və Ramal kəndlərində Birinci Qarabağ müharibəsi şəhidləri Nuriyev Şöhrət Telman oğlu və Məmmədov Etimad Fikrət oğlunun ailələrini ziyarət edib, xatirələrinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə edib.