Seçki-2024
YAP ölkəmizə bundan sonra da mühüm uğurlar qazandırmaq əzmindədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın seçicilərlə görüşü keçirilib.
YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, hər bir seçki kampaniyasına böyük ruh yüksəkliyi və qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə gedir. Bu şüar müasir, müstəqil, qalib Azərbaycanın uğurlarının davamlılığını, hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsini və yeni hədəfləri gerçəkləşdirmək əzmində olduğunu ifadə edir. Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat çatdırıb.
Çıxış edən deputatlığa namizəd Pərvanə Vəliyeva əvvəlcə YAP-ın seçki platformasından bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsaslarını yaratdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü ildən sonrakı dövrün uğurlarının əsası oldu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi Zəfərə qovuşdurdu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi ilə yeni dövrün əsası qoyuldu.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə Mürvət Əsgərov, Zaur Hüseynov, Mirfaiq Mirheydərli, Abbas Abbasov və başqaları çıxış edərək bildiriblər ki, siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası Azərbaycana bundan sonra da mühüm uğurlar qazandırmaq əzmindədir.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd şəhid ailəsini ziyarət edib.