Seçki-2024
YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy şəhərində seçicilərlə görüşü keçirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Onun sözlərinə görə, platformada qazanılan nailiyyətlərlə yanaşı, mühüm prioritet və hədəflərdən irəli gələn vəzifələr öz əksini tapıb. Deputatlığa namizəd bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə regionda tamamilə yeni geosiyasi reallıqlar yaradıb. Şanlı Zəfərlə həm də ölkəmiz üçün yeni inkişaf mərhələsinin əsası qoyulub.
Sevinc Hüseynova vurğulayıb ki, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi Azərbaycanın qüdrətinin ifadəsidir.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Tural Topçuyev, Rüfət İmamquliyev, Raifə Musayeva və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.
Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.