Seçki-2024
“Bütün hədəflərimiz reallığa çevriləcək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədov Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərində seçicilərlə görüş keçirib.
Əvvəlcə Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Görüşlərdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.
Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycanın uğurlarından bəhs edən deputatlığa namizəd ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib.
Məşhur Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmin gün deputatlığa namizəd şəhid ailələri və müharibə iştirakçılarını da ziyarət edib.