Seçki-2024
Oğuz rayonunda seçicilərlə görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Oğuz rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri İlyar Vahabov, Təranə Zəkəriyyəyeva, Günel Abdullayeva, Aliyə Osmanova, Aynurə Səfərova, Zərniyar Nəsibova, şəhid bacısı Vəfa Nafıyeva, ağsaqqallardan Lətif Abbasov, Rövşən Ağababayev, Nazim Hüseyni çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Qarabağ torpaqları azad edilərək dövrün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrilib. Natiqlər bütün bu reallıqlar fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.
Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Bundan əlavə, rayonun Kərimli kəndində “Aşağı məhəllə” adlanan ərazidə yaşayan seçicilərlə məhəlli görüş keçirilib.