Seçki-2024
Xalq qalib Liderin siyasətini dəstəkləyir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də YAP Kəngərli rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Vəli Əsədov, Mirabdulla Seyidov və başqaları çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Cənab İlham Əliyev qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən Zəfər tarixi yazıb.
Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkiləri kimi dəyərləndirilir.
Görüş zamanı çıxış edənlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.