Seçki-2024
Lənkəran şəhərində seçicilərlə görüş…
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Lənkəran şəhərinin Mədəniyyət Mərkəzində ziyalılar və ağsaqqallarla görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri deputat Ziyafət Əsgərov, təşviqat qrupunun üzvləri Hadı Rəcəbli, İbrahim Quliyev və Kamal Mahmudov çıxış ediblər. Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, bu seçkilər onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də seçki günü xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonra YAP sıralarına yeni üzv olan şəxslərə partiya vəsiqəsi verilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.