Seçki-2024
Biz qalib dövlətin vətəndaşlarıyıq!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Goranboy şəhərində, həmçinin rayonun Xanqərvənd və Tapqaraqoyunlu kəndində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, Sayad Quliyev, İsgəndər Səklikov və İbrahim Həsənov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyətdir. Qalib Lider xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirib. 20 illik fəaliyyətin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər artıq seçimlərini etdiklərini və xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmçinin rayonun Bəşirli və Qaradağlı kənd seçiciləri ilə fərdi görüşlər keçirilib.