Seçki-2024
Gəncəlilərin seçimi qalib xalqın qalib Lideridir!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatları Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, təşviqat qrupunun üzvü İlkin İsmayılov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, tarixin son 20 ilində Azərbaycan böyük Zəfərlərə imza atdı, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında şanlı Vətənimizin üçrəngli bayrağı dalğalanır. Beləliklə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu.
Natiqlər seçiciləri fevralın 7-də qarşıdan gələn illərdə də ölkəmizin daha da inkişaf etməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırış ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.