Seçki-2024
İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin məntiqi nəticəsi
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Ağdam rayonundan olan seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Fehruz Məmmədov, Azad Şükürov, Nazim Qurbanov və Azər Qasımov çıxış ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Qeyd olunub ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.