Seçki-2024
Nəsimi rayonunda seçicilərlə növbəti görüş
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Nəsimi rayonunda “1-ci, 2-ci, 3-cü və 4-cü Kərpic döngələri”, “Ağadadaş Qurbanov”, “Mirzə İbrahimov”, “Rəsul Rza” və “3-cü Alatava” küçələrində yaşayan seçicilər ilə görüş keçirilib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Elsevər Ağayev, Musavər Musayev çıxış ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiqlər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir Lider olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan yeni dövrdə də yeni uğurlara imza atacaq.
Seçicilər də öz növbəsində prezident seçkilərində fəal iştirak edəcəklərini və qalib Lider İlham Əliyevə səs verəcəklərini deyiblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.