Seçki-2024
Qalib Liderlə irəli!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Səbail rayonunda yaşayan seçicilər ilə növbəti görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Sabir Şahtaxtı, Əyyub Quliyev, Elza Bağırzadə, Turan Kərimli, Təranə Kərimova, Nicat Hüseynov, Novruz Quliyev, İmmiyə Zamanova, Qabil Vəliyev, Şaiq Əsgərov, Əhliman Qarayev və Arzuman Muradlı çıxış ediblər.
Qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, parlaq zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.
Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlət başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun müxtəlif küçələrində məhəllə və ev görüşləri də keçiriblər.