Seçki-2024
Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısı
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Oğuz rayon Mədəniyyət Mərkəzində ağsaqqallar, ziyalılar, o cümlədən şəhid ailələri, qazi və müharibə veteranları ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Aydın Babayev, Emin Cəfərov, Təranə Zəkəriyyəyeva, Şahvəddin Məmmədli, Azad Əliyev və şəhid atası Elbrus Əhmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib.
Natiqlər bütün bu reallıqlar fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.
Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün rayonun Sincan kəndində “Yuxarı məhəllə” adlanan ərazidə yaşayan seçicilərlə məhəlli görüşlər də keçirilib.