Seçki-2024
"Xalqın etimadını doğruldan Lideri dəstəkləyirik"
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Göygöl rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Əmirxan Mövlayev və Yeganə İsgəndərova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib, Müzəffər Ali Baş Komandanın Azərbaycanı inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığı diqqətə çatdırılıb.
Natiqlər qeyd ediblər ki, qazanılan uğurlar cənab İlham Əliyevin prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğrultduğunun göstəricisidir.
Seçicilər də çıxışlarında fevralın 7-də hər zaman xalqın yanında olan, ölkəsinin uğurları üçün daim çalışan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.