Seçki-2024
Kəlbəcərlilər Azərbaycana zəfərlər yaşadan Liderə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Ağdaş rayonunun Yenikənd kəndində və Qəbələ rayonunun Zarağan qəsəbəsində məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Kamil İsmayılov, Adil Alpanayev, Məhəmməd Əhmədov və digərləri çıxış ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxşaxəli siyasətdən ətraflı bəhs ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunub.
Görüşdə çıxış edən seçicilər 7 fevralda YAP-ın namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.