Seçki-2024
İnkişafımızın qarantı!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Şirvan şəhərində qadın seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev, təşviqat qrupunun üzvləri Ülviyyə Heydərova, Çinarə Vəliyeva, Aynur İbrahimova, Alim Zülfüqarov, Alma Cəfərova və Kəmalə Quliyeva çıxış ediblər. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçiriləcək “Zəfər seçkisi”nin əhəmiyyəti barədə danışan natiqlər bildiriblər ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində Prezident İlham Əliyevin misilsiz rolu var. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib. Natiqlər seçiciləri 7 fevralda qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yaşayan seçicilərlə də görüş keçiriblər.