Seçki-2024
Dövlətçilik tarixinin şanlı səhifəsi
Qobustan rayonunun Cəngi kəndində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Qobustan rayonunun Cəngi kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.