Seçki-2024
Culfa seçiciləri qalib Liderə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Culfa rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, təşviqat qrupunun üzvləri Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, Nazil Qulusoy, Gülər Əhmədova, Şükufə Bağırova, Rəqsanə Qurbanova və Nailə Həsənova çıxış ediblər.
Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçirilən bu seçkinin əhəmiyyəti barədə danışan natiqlər bildiriblər ki, Azərbaycanın beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində Prezident İlham Əliyevin misilsiz rolu var.
Görüşdə çıxış edən seçicilər isə bildiriblər ki, 7 fevralda keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Culfa rayonunda məhəlli görüşlər də keçirilib.