Seçki-2024
Ölkə gənclərinin ən böyük himayədarı!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Kəngərli rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Dadaş Qasımov, Salman Quluzadə, Əfsanə Hüseynova çıxış ediblər.
Natiqlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xəttin Azərbaycanı dünyanın ən müasir və inkişaf etmiş dövlətlərindən birinə çevirdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, bu nailiyyətlərin əldə edilməsində gənclər siyasətinin də mühüm rolu var. Bildirilib ki, ölkə gənclərinin dövlət və onun Lideri ilə qırılmaz vəhdət yaratması torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rol oynayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.
Natiqlər gəncləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı rayon gəncləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək ölkə gənclərinin ən böyük himayədarı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Təzəkənd, Xok, Yeni Kərki, Xıncab kəndləri və Qıvraq qəsəbəsində məhəlli görüşlər də keçirilib.