Seçki-2024
Binəqədi rayonunun Xocəsən qəsəbəsində seçicilərlə görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Binəqədi rayonunun Xocəsən qəsəbəsində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvü Fikrət Əliyev, şəhid atası Şahin Sadıqov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyədə böyük nüfuza malikdir və uğurlu siyasət sayəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması isə dövlətimizin beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib.
Əminliklə bildirilib ki, Azərbaycan xalqı bu nailiyyətlərə imza atan dövlət başçısına 7 fevral seçkilərində yüksək etimad göstərəcək.
Seçicilər də bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.