Seçki-2024
“Xalq bir daha alternativsiz Liderini seçəcək!”
2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Naxçıvan və Sumqayıt şəhərlərində gənclərlə növbəti görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və tarix elmləri doktoru Həsən Həsənov İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar. 7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağına əminlik bildirilib. “Xalq bir daha alternativsiz Liderini seçəcək!”,- deyə vurğulanıb.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.