Seçki-2024
Masallı rayonunda seçicilərlə növbəti görüş...
2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Masallı şəhər Mədəniyyət Evində və Hüseynhacılı kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, təşviqat qrupunun üzvləri Hikmət Xəlilov, Cəlal Əliyev, Nahid Rəhimov, Zülfüqar Zülfüqarov, Aygün Quliyeva, Cahan Mustafayeva, Rəsilə Fərəcova, Toğrul Məmmədli, Sübiyyə Abbasova, Nurəddin Babayev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti ona xalq arasında böyük rəğbət, sonsuz inam qazandırıb. Məhz buna görə xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçib.
Natiqlər seçiciləri fevralın 7-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində haqq-ədalətə, suveren Azərbaycanın xoş-firavan gələcəyinə, cənab İlham Əliyevə səs verəcəklər.