Seçki-2024
Tərəqqi və rifah naminə Qalib Liderə səs verək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Elsevər Mustafayev, Esmira Əsədova və Elşad Abdurahmanov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilib.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Qəbələ şəhəri “Heydər Əliyev prospekti 9” ünvanında da seçicilərlə görüş keçirilib.