Seçki-2024
Son 20 ildə bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, İbrahim Həsənov, Gündüz Hacıyev çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, ümumiyyətlə cəmiyyət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Dövlət başçısının rəhbərliyi ilə qazanılmış ən böyük nailiyyətlərimizdən biri olan tarixi Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.
Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək səsvermədə fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar ediblər.
Görüşlər zamanı seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycanın davamlı inkişafına - Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, şəhər ərazisində fərdi görüşlər də keçirilib.