Seçki-2024
İlham Əliyev Azərbaycanı Zəfər zirvəsinə yüksəldib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Lənkəran rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Emin Bağırov, Namiq Bağırov, Leyla Məcidova və Mirzəhüseyn Miriyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisələr kimi Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə əbədi yazılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı Zəfər zirvəsinə yüksəldib.
Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə çağırıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.