Seçki-2024
"Bizə möhtəşəm Zəfəri bəxş edən Müzəffər Liderimizi dəstəkləyirik!"
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri İsmayıl Əliyev, Rəna Mirzəzadə, Zahid Cəfərov, Nuru Məmmədov və Əlimusa İbrahimov çıxış ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyev ötən 20 ildə həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və Qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.
Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.