Seçki-2024
Prezident İlham Əliyev sübut etdi ki, Qarabağ Azərbaycandır!
Asif Cahangirov
YAP Veteranlar Şurasının üzvü
İki xatirədən başlamaq istəyirəm.
Birincisi budur: 1988-ci il yanvarın ilk günlərini Moskva şəhərində keçirirdim. Yaxınlarımın dəvəti ilə yeni il ziyafətində iştirak etdim. Fasilədə 30-32 yaşında olan iki rus gənc mənə yaxınlaşıb ziyafətdə söylədiyim fikirlərimə görə təşəkkür etdi. Məlum oldu ki, SSRİ Ali Sovetində işləyir, Azərbaycana aid təşkilati məsələlər üzrə məsuldurlar. Aramızda səmimi ünsiyyət yarandı. Bir az keçmiş həmsöhbətlərimdən biri təxminən bunları dedi: “Doğrusu, biz sizi əsla anlamırıq. Ali Sovetə hər gün Dağlıq Qarabağın ermənilərindən xeyli sayda məktub gəlir. Bakıdan, Kirovabaddan (indiki Gəncə - A.C.), digər yerlərdən də eyni məzmunlu müraciətlər alırıq. Məğzi? DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti – A.C.) Ermənistanın tərkibinə verilsin. Sizlərdən isə buna heç bir reaksiya yoxdur”.
Çox həyəcanlandım. Sən demə, Azərbaycanda yaşayan ermənilərin bir qismi altdan-altdan hədsiz dərəcədə sevdiyim Qarabağımı, ata-baba yurdumu Ermənistana birləşdirmək iddiasında idilər. Yeni tanışlarım hərəkətə gəlməyimizin vacibliyinə işarə etdilər. Onlara dediklərim təxminən bu oldu: “Qarabağın bütün yerləri mənə çox doğmadır. Xankəndidə (o vaxt Stepanakert) dünyaya gəlmiş, 10 il oradakı məktəbdə oxumuşam, 18 il ailəmiz orada yaşayıb. Azərbaycanlılar çox mehriban və təmkinli xalqdır. Amma bizim mənliyimizə toxunularsa, ermənilərin Qarabağ torpaqlarımızda gözü olarsa, peşmançılığı elə özləri çəkəcəklər!”.
İki gündən sonra Bakıya qayıdaraq dərhal Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini ilə görüşüb üzücü məlumatları çatdırdım. Bir neçə gündən sonra o, mənə zəng edib dedi ki, narahatçılığa ciddi əsas yoxdur, hər şey nəzarətdədir(?!). Cəmi bir aydan sonra, fevralın 8-də Xankəndidə erməni separatçıları ilk mitinqlərini keçirdilər. Fevralın 20-də isə rəsmi qaydada Azərbaycanın tərkibindən çıxıb Ermənistanla birləşmək haqqında qərar qəbul etdilər.
İkinci xatirə budur. 1989-cu ilin fevralında Xankədidə oldum. Şəhərdə separatçılıq tüğyan edirdi. Bəzi sinif yoldaşlarımla görüşdüm. Həyəcanla onlara aşağıdakıları anlatmağa çalışdım: “DQMV heç vaxt Ermənistanın olmayacaq! Sizin normal düşüncəyə sığmayan bu hərəkətləriniz böyük faciələrə səbəb olacaq, günahsız erməni və azərbaycanlıların qanı töküləcək. Qarabağ isə Azərbaycan torpağı olub və belə qalacaqdır!”.
O vaxtdan bu iki xatirə illərlə içimi dağıdırdı. Mənim doğma Qarabağım, qarış-qarış gəzdiyim, hədsiz dərəcədə sevdiyim, həsrətində olduğum Xankəndim, Şuşam, Füzulim, dədə-baba yurdumuz Tuğ kəndi düşmən tapdağı altında idi. Dost-tanışlarımla birlikdə yekdil fikirdə idik ki, əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, Qarabağdakı separatçılar ağzını belə açmağa cürət edə bilməzdilər! Bir də, xəyalımda o sinif yoldaşlarımla gərgin söhbətim canlanırdı. Əmin idim ki, onlar da 1989-cu ildəki görüşümüzü xatırlayır və mənə gülürlər. “Nə oldu, Asif, bəs deyirdin, DQMV heç vaxt Ermənistanın olmayacaq?!”
Uzun illər Ermənistan hansısa kompromislər haqqında deyir və bu zaman keçmiş “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımağımızı, sonradan 5 rayonun, növbəti mərhələdə isə Laçın və Kəlbəcərin bir hissəsini qaytaracağını bəyan edirdi. Tariximizdə unudulmaz iz buraxmış Ümummilli Lider Heydər Əliyev və dövlətimizin başçısı İlham Əliyev isə bu yanaşmanı qəti rədd edir və həmişə vurğulayırdılar ki, Azərbaycan sülhün tərəfdarıdır, lakin doğma torpaqlarımızın qaytarılması üçün onlar bütün imkanlardan istifadə etməyə hazırdırlar. Anlayırdım ki, torpaqlarımız nə vaxtsa hərb yolu ilə qaytarılacaq. Doğrusu, inanmırdım ki, həmin anların şahidi olmaq mənə də nəsib olacaq.
2019-cu ilin oktyabr ayında hörmətli dövlət başçımızın qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi bütün xalqımızı ruhlandırdı. Nəhayət, ağlasığmaz həsrətlə gözlədiyimiz tarixi gün - 2020-ci il sentyabrın 27-si gəlib çatdı, Vətən müharibəsi başladı və 44 gündən sonra böyük Zəfərlə başa çatdı. Rəşadətli ordumuzun, bir dəmir yumruq kimi birləşmiş xalqımızın, Müzəffər Ali Baş Komandanımızın Qələbə əzmi sayəsində!
2020-ci ilin oktyabr ayında bir neçə qohumumla birlikdə işğaldan azad olunmuş ərazilərdə olduq. Cəbrayıl, Füzuli, Hadrut, Tuğ kəndinin girişinə qədər olan yerləri ziyarət etdik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bilirdik ki, həmin ərazilər viran olub. Gördüyümüz mənzərə daha dəhşətli idi. Tarixən müharibələr haqqında çox məlumata malik olmuşuq. Ancaq bu səviyyədə vəhşiliyi təsəvvür etmirdim. 30 il əvvəl yaşıllıq içində gördüyüm kəndlərdən, şəhərlərdən heç nə qalmamışdı. Ağacların 99 faizi məhv edilmişdi.
2021-ci il oktyabrın 8-də işğaldan azad olunmuş Hadrutda Prezident İlham Əliyevlə görüşümüzü və nə kimi hisslər keçirdiyimizi təsəvvür etmək çətin deyil. Çıxış edənlərin hamısı tarixi Zəfərdən sevinclə danışır, Müzəffər Ali Baş Komandana hədsiz təşəkkürünü çatdırırdılar. Prezident hamımızla çox mehriban söhbət edir, doğma yurdumuza dair suallar verir, Hadrutun, Qarabağın inkişaf perspektivləri haqqında öz baxışlarını bizimlə bölüşürdü. Onun bizi dədə-baba yurdumuz olan Tuğ kəndinə dəvət etməsi, orada bizimlə birlikdə gəzməsi, kəndin bənzərsiz gözəlliyi barədə böyük iftixarla danışması hamımızın ürəyindən oldu. Mən öz çıxışımda ürək sözlərimi deməklə bərabər, bir ümdə arzumu da bildirdim: sovetlər dönəmində inşa olunmuş o vaxtın vilayət partiya komitəsi binasının önündə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılmasını görməyimi! İlham Əliyev özünəməxsus tərzdə gülümsəyərək dedi ki, onun da vaxtı tezliklə gəlib çatacaq. Mövcud reallıqlara əsaslanaraq düşünürdüm ki, Prezidentimiz 2025-ci ili nəzərdə tutur.
Heç 2 il keçməmiş möcüzə baş verdi. Doğma Xankəndim, bütün Qarabağ torpağımız azad olundu. Bununla da Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezidentimiz Xankədidə bayrağımızı qaldıranda hansı hissləri keçirdiyimi sözlə ifadə etmək mümkün deyil. Xankəndi dünyada mənə ən doğma, ən çox sevdiyim şəhərdir. 1947-ci ildə atam Baxış Cahangirov Xankəndidə yerləşən iki illik Müəllimlər İnstitutuna təyinatla müəllim göndərilmişdi. 1948-ci ildə mən, sonra qardaşlarım o şəhərdə dünyaya gəlmişik. Atam müəllim, məktəb direktorunun müavini, vilayət maarif şöbəsi müdirinin müavini vəzifələrində çalışıb. Əslən Şuşadan olan qayınatam Abdulla Qədirov da Xankəndidə yerləşən 4 nömrəli Azərbaycan dilli məktəbin yaradıcısı və uzun illər direktoru olmuşdu. Özüm Dövlət bayrağımız qaldırılan və arxasında görünən binanın akt zalında, hərbçilərimizin paradı keçirilən meydanda məktəbli kimi müxtəlif tədbirlərdə dəfələrlə çıxış etmişdim.
Ən məsuliyyətli, böyük cəsarət tələb edən, strateji və taktiki baxımdan dərindən düşünülmüş və cəmi 44 gün ərzində Zəfərimizə gətirib çıxarmış strategiya məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə reallaşdırıldı. Ordumuza, xalqımıza güvənən Prezident İlham Əliyev sübut etdi ki, Qarabağ Azərbaycandır!
Qələbəmizdə bütün Azərbaycan xalqının, Vətən uğrunda həyatını qurban vermiş hər bir şəhidimizin, canlarından keçməyə hazır olan qazilərimizin, əsgər və zabitlərimizin, əfsanəvi qəhrəmanlar böyütmüş ana-atalarımızın, əsl vətənpərvərlər yetişdirmiş müəllimlərimizin fədakarlığı danılmazdır.
İllər, əsrlər, minilliklər keçəcək, Azərbaycan və dünya tarixinə bu Qələbə qızıl hərflərlə yazılacaq. Canlı şahidi olduğumuz bu tarixi bizə yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz və xalqımız olmuşdur!
Seçici səsim sizindir, cənab Prezident!
Xalqımızın seçimi Müzəffər Liderimiz İlham Əliyevdir!