Seçki-2024
Azərbaycanı zirvələrə yüksəldən Liderə səs verək!
2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, təşviqat qrupunun üzvləri Nəzakət Əsgərova və Sevinc Orucova, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxış ediblər.
Çıxışlarda fevralın 7-ə təyin edilmiş prezident seçkilərinin əhəmiyyətindən, YAP-ın namizədi cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, uğurla başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən bəhs edilib. Əminlik ifadə olunub ki, bu uğurların davamlı olması üçün Xətai rayon seçiciləri yenidən cənab İlham Əliyevə səs verəcəklər.
Seçicilər Azərbaycanı zirvələrə ucaldan, sözünü imzası qədər dəyərli edən cənab İlham Əliyevə səs verərək yeni-yeni hədəflərə doğru inamla addımlayacaqlarını bildiriblər.
Qeyd edək ki, Xətai rayonunda fərdi, eyni zamanda “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Neapol 15, 21 və M.Rüstəmov 24 ünvanlarında da seçicilərlə görüşlər keçirilib.