YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Dünya azərbaycanlılarına Qələbə sevinci bəxş etmiş Liderimizi dəstəkləyirik!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili, təşviqat qrupunun üzvləri Əli Həsənli, Çingiz İsayev, Telman Cəfərov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Bildirilib ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə  ötən 20 ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi,  ümumiyyətlə cəmiyyət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətin çəkdiyimiz torpaqlarımızı azad edərək xalqımızın ən böyük arzularını gerçəkləşdirib.

Qazanılan tarixi nailiyyətlər fonunda təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Günel Bəhramova, Natiq Musayev və Səbinə Qasımova Sabunçu rayonu Bakıxanov qəsəbəsində seçicilərlə fərdi görüşlər keçiriblər.