YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan xalqı əsrimizin qalib Liderinə minnətdardır!

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Məlum olduğu kimi, 2024-cü il 7 fevral tarixində ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Yeni Azərbaycan Partiyası növbəti seçkilərdə partiyanın Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına artıq start verilib.

Xalqımızın təkidli tələbi ilə 1993-cü ilin iyul ayında siyasi hakimiyyətə qayıdan Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev ölkədəki anarxiyaya, dağıdıcı proseslərə son qoydu, dövlətçilik prosesləri bərqərar olundu, xalq-iqtidar birliyi yarandı.

2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ərəfəsində Ulu Öndər Azərbaycan xalqına müraciət edərək demişdir: “Üzümü Sizə ­­˗ həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Elə də oldu, xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi.

Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqına minnətdarlığını bildirdi. Dahi Lider Heydər Əliyevin uğurlu siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkşafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti Qələbələrin müqəddiməsinə çevrildi.

Həmin dövrdə bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi.

2023-cü ilin sentyabrın 19-da üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdırıldı. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin bütün mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Bununla da Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu bərpa edildi. Hazırda Qarabağın hər nöqtəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən qaldırılan Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.

Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlərin hamısı tezliklə təhlükəsiz şəraitdə evlərinə əbədi olaraq qayıdacaqlar. Bütün bunlara görə hamılıqla Müzəffər Ali Baş Komandan İlham Əliyevə, yenilməz qəhrəman ordumuza borcluyuq. Bu Qələbəyə görə Ulu Öndərimizin, şəhidlərimizin ruhları şaddır.

Cənab İlham Əliyev 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amilləri ictimaiyyətin diqqətinə çatdırıb. Prezident İlham Əliyev deyib: “Düzdür, bu barədə müxtəlif versiyalar var. Yaxşı ki, bu sualı verirsiniz ki, mən bunun əsas səbəblərini sizin üçün və ictimaiyyət üçün açıqlayım. Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır. Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir”.

Bəli, qürurluyuq ki, bu seçkilər ərazi bütövlüyümüzün tam bərpa olunduğu şəraitdə keçiriləcəkdir. Hər bir seçicini 7 fevral 2024-cü il tarixində prezident seçkilərində fəal iştirak etməyə, bizlərə bu unudulmaz Qələbəni yaşadan Yeni Azərbaycan Partiyasının namizədi, əsrimizin qalib Lideri İlham Əliyevə səs verməyə çağırıram.